Fevralın 25-də Bakı Biznes Mərkəzində İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Azərbaycan-İran iqtisadi əlaqələrinə dair mətbuat konfransı keçirib.
Nazir Şahin Mustafayev qeyd edib ki, son 3 ildə Azərbaycan və İran prezidentləri 7 dəfə görüşüb, Azərbaycan və İran nümayəndə heyətləri 100-ə yaxın qarşılıqlı səfər həyata keçirib, 40 sənəd imzalanıb, Dövlət Komissiyasının 3 iclası təşkil olunub. Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 538 İran investisiyalı şirkət fəaliyyət göstərir və İran tərəfdən Azərbaycan iqtisadiyyatına ümumilikdə 2,7 milyard ABŞ dolları investisiya yatırılıb. Bununla belə, ölkəmizə investisiya qoyuluşu üçün geniş imkanlar var. Azərbaycan şirkətləri də İranda fəaliyyət göstərir. İran Azərbaycanın mühüm ticarət tərəfdaşlarındandır və 2016-cı ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 70%-ə yaxın artıb.
Azərbaycan və İran arasında imzalanmış “Xudafərin” və “Qız Qalası”, eləcə də “Ordubad” və “Marazad” sazişləri hər iki tərəfdən qüvvəyə minib. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin I mərhələsi yekunlaşmaq üzrədir. Artıq Azərbaycanda 8,3 km-lik dəmir yolu xətti və dəmir yolu körpüsü hazırdır. Hazırda İranda 1,7 km dəmir yolu xəttinin və terminalın tikintisi davam edir. Nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt dəmir yolu xətti üzrə isə işlərin 90%-dən çoxu tamamlanıb və 2017-ci ildə yekunlaşdırılacaq. Ötən il 330 kV Muğan (İmişli-Parsabad) elektrik xətti istismara verilib, elektrik satışı üzrə Çərçivə Sazişi imzalanıb.
2016-cı ildə Neftçala Sənaye Zonasında birgə avtomobil istehsalı zavodunun, bu ilin yanvarında isə Pirallahı Sənaye Parkında Azərbaycan-İran birgə layihəsi olan əczaçılıq zavodunun təməli qoyulub.
Ötən il həmçinin, Azərbaycan və İran arasında iqtisadi, nəqliyyat və turizm sahələrində əməkdaşlığın davamlı inkişafına töhfə verəcək Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd dəmir yolu ilə sərnişin qatarı işə düşüb. Bu yolla il ərzində 12 min sərnişin daşınacaq. Yaxın vaxtlarda Urmiya-Qəbələ birbaşa hava reysi açılacaq.