Azərbaycan müsəlman və türk aləmində ilk rəqəmsal ticarət qovşağını təqdim edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə Rəqəmsal Ticarət Qovşağının təqdimat mərasimi keçirilib. İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı açılış nitqi ilə çıxış edərək bildirib ki, Rəqəmsal Ticarət Qovşağı Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin kəsişməsində keyfiyyətcə yeni rolunu müəyyən edir, Azərbaycan faktiki olaraq müsəlman və türk aləmində ilk rəqəmsal ticarət qovşağını təqdim edir.

Rəqəmsal Ticarət Qovşağı elektron pul kisəsi və elektron imza, o cümlədən ASAN imzanı qeyri-rezidentlərə təqdim etməklə sahibkarların xarici tərəfdaşlarla əlaqələrini daha da asanlaşdıracaq. Bundan başqa Qovşaq qeyri-rezidentlərə elektron imza, o cümlədən, ASAN imzadan istifadə edərək, Azərbaycanda müəssisə, bank hesabları açmağa, idxal-ixrac əməliyyatları həyata keçirməyə imkan verəcək. Portal vasitəsi ilə bu əməliyyatların elektron qaydada reallaşdırılması qaydaları sahibkarlara təqdim olunub.

Qeyd edək ki, Rəqəmsal Ticarət Qovşağının hazırlanmasında Böyük Britaniya, Estoniya, Malayziya və başqa ölkələrin qabaqcıl təcrübəsi nəzərə alınıb.Rəqəmsal Ticarət Qovşağı regional əhəmiyyət daşıyır.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır