İyulun 27-də İqtisadiyyat Nazirliyində Azərbaycan-Pakistan ticarət əməkdaşlığı üzrə İşçi Qrupunun 1-ci iclası keçirilib. İqtisadiyyat nazirinin müavini Sahil Babayevin və Pakistan İslam Respublikasının ticarət katibi Məhəmməd Yunus Dağanın həmsədrlik etdiyi iclasda iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin mövcud vəziyyəti, xüsusilə ticarət əlaqələrinin genişləndirilməsi imkanları müzakirə edilib, bu istiqamətdə növbəti addımlar nəzərdən keçirilib.
Tərəflər investisiya, sənaye, turizm, nəqliyyat, tranzit yükdaşımalar, kənd təsərrüfatı, ərzaq məsullarının istehsalı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, birgə müəssisələrin yaradılması imkanlarının araşdırılması, investisiya layihələrinin iş adamları arasında təşviq edilməsi, “Made in Azerbaijan” brendinin təbliği məqsədilə cari ildə Pakistana həyata keçirilmiş ixrac missiyasının nəticələrinı müzakirə edib, aparılmış təhlillərə əsasən ixrac edilə biləcək və rəqabətqabiliyyətli məhsul növləri barədə, habelə bu məhsulları istehsal edən yerli şirkətlərimiz haqqında müvafiq məlumatlar qarşı tərəfə təqdim edilib.
Azərbaycan-Pakistan ticarət əməkdaşlığı üzrə İşçi Qrupunun növbəti iclasının Pakistanda keçirilməsi barədə qərar verilib.