Azərbaycan Respublikası Dövlət Neft Fondu açıqlama yayıb. Açıqlamada deyilir:
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 29 iyun 2018-ci il tarixli Qanunu (Qanun) ilə yeni Büdcə qaydası (Büdcə qaydası) təsdiq edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2018-ci il tarixli Fərmanı ilə Büdcə qaydasına (Büdcə qaydası) uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması Qaydası”təsdiq edilmişdir ki, cari ildən etibarən icmal büdcə xərcləri, o cümlədən xərclənə bilən neft gəlirlərinin yuxarı həddi məhz yuxarıda qeyd edilən normativ sənədlər əsasında müəyyən edilir.
Yeni Büdcə qaydasının tətbiqi eyni zamanda mövcud olan normativ hüquqi aktların bu qaydaya uyğunlaşdırılması zərurəti yaradır. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2018-ci il tarixli Fərmanının 2.1-ci bəndi ilə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması tapşırığı verilmişdir.
Büdcə qaydasına əsasən icmal büdcə xərclərinin proqnozlaşdırılan yuxarı həddi ölkənin xalis maliyyə aktivlərinə əsasən müəyyən edilir ki, bu sənəd Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2004-cü il tarixli 128 saylı Fərmanı ilə təsdiq edilmiş Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiyanı (Strategiya) tamamilə əvəzləyir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanı ilə Strategiyanın təsdiqinə dair Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2004-cü il tarixli 128 saylı Fərmanı ləğv edilmişdir.