“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
“Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilib.
Həmin qərara əsasən qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları aşağıdakılardan ibarət olmaqla müəyyən edilib:
- Maliyyə vəziyyəti haqqında.
- Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat.
- Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.
Eyni zamanda, Maliyyə fəaliyyətinin olmaması barədə ayrıca arayış forması təsdiq edilib və təşkilatın maliyyə fəaliyyəti olmadığı təqdirdə yalnız həmin formanı dolduraraq Maliyyə Nazirliyinə təqdim edilməlidir.
Bundan başqa, Maliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatlarından illik maliyyə hesabatların elektron alınması məqsədilə Qeyri-hökumət təşkilatların elektron hesabatlılıq Proqramı hazırlanıb. www.qht-hesabat.maliyye.gov.az sayt vasitəsilə qeydiyyatdan keçərək elektron hesabat təqdim edə bilərlər.