Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin yeni tərkibi təsdiq olunub

Azərbaycan-Rusiya İşgüzar Şurasının növbəti Ümumi Yığıncağı keçirilib. Tədbirdə İşgüzar Şuranın fəaliyyətinə dair bir sıra təşkilati məsələlər müzakirə edilib, İdarə Heyətinin yeni tərkibi təsdiqlənib və Səməd Qurbanov Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri seçilib.

BBN.az xəbər verir ki, iclasda Azərbaycan və Rusiya arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla davam etdiyi, Rusiyanın ölkəmizin əsas ticarət tərəfdaşlarından olduğu, qarşılıqlı investisiya qoyuluşlarının və birgə layihələrin həyata keçirildiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, Azərbaycanın qeyri-neft məhsullarının ixracı üzrə Rusiya ilk sıradadır və ölkəmizin xaricdə ilk ticarət nümayəndəliyi də məhz Rusiya Federasiyasında yaradılıb. Bununla belə mövcud potensial nəzərə alınaraq ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi üçün yeni mexanizmlərin tətbiqi istiqamətində tədbirlər davam etdirilir.

Tədbirdə həmçinin, ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sektorları üzrə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə, ticarət əlaqələrinin daha da dərinləşdirilməsinə, qarşılıqlı investisiya qoyuluşlarına, işgüzar dairələr arasında mövcud əlaqələrin inkişafına və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır