Mayın 6-da Ankarada “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC), “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyəti (ASC) və “Türkiyə Dövlət Dəmir Yolları” (TCDD) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Mərasimdə hər üç ölkəni təmsil edən hökumət üzvləri, səfirlər və digər məsul şəxslər iştirak ediblər.
Əvvəlcə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə bağlı sənədli film nümayiş olunub.
Sonra Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Rusiya Dəmir Yolları” ASC-nin Baş direktoru və idarə heyətinin sədri Oleq Belozyorov və Türkiyə Dövlət Dəmiryollarının baş direktoru Əli İhsan Uyğunun çıxışları dinlənilib.
Sonra sözügedən sənədi “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Rusiya Dəmir Yolları” ASC-nin İdarə Heyətinin sədri Oleq Belozyorov və Türkiyə Dövlət Dəmiryollarının baş direktoru Əli İhsan Uyğun imzalayıblar.