Ölkədə fəaliyyət göstərən qadın sahibkarların təşəbbüsü, İqtisadiyyat Nazirliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası təsis olunub.
Bununla bağlı oktyabrın 26-da Bakı Biznes Mərkəzində keçirilən tədbirdə rəsmi şəxslər, qadın sahibkarlar iştirak edib.
Bildirilib ki, dövlət başçısının müvafiq Fərmanı ilə təsdiq edilmiş kiçik və orta sahibkarlıq üzrə Strateji Yol Xəritəsinin icrası çərçivəsində yaradılan assosiasiya qadın sahibkarlığının inkişafında, qadın sahibkarların fəaliyyətinin əlaqələndirilməsində və əməkdaşlığının genişləndirilməsində mühüm rol oynayacaq, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, ölkənin ixrac imkanlarının genişləndirilməsi, qadınların sahibkarlıq sahəsində fəallığının artırılması baxımından əhəmiyyətli olacaq. İqtisadiyyat Nazirliyi tərəfindən assosiasiyanın fəaliyyətinin təşkilinə lazımi dəstək göstəriləcəkdir.