Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyasının iclası keçirilib

İyulun 13-də Azərbaycana səfəri çərçivəsində Tacikistan Respublikasının iqtisadi inkişaf və ticarət naziri Nematullo Xikmatullozodanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib.

Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən iqtisadiyyat naziri Şahin Mustafayev, Tacikistan tərəfdən isə bu ölkənin iqtisadi inkişaf və ticarət naziri Nematullo Xikmatullozodadır.
Komissiyanın iclasında çıxış edən iqtisadiyyat naziri, Komissiyanın həmsədri Şahin Mustafayev ölkələrimiz arasında tarixi və mədəni yaxınlığı qeyd edib, siyasi, iqtisadi və mədəni əlaqələrin uğurla inkişaf etdiyini bildirib, Azərbaycan-Tacikistan əməkdaşlığının genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin mühüm əhəmiyyətini vurğulayıb. Azərbaycan və Tacikistan arasında müxtəlif sahələrdə əməkdaşlıq üzrə 45 sənəd imzalanıb. Bu gün 4-cü iclası keçirilən Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrinin genişləndirilməsində önəmli rol oynayır. Son illər iki ölkə arasında ticarət əlaqələrinin genişlənməsi müşahidə edilir. 2016-ci ildə Azərbaycan və Tacikistan arasında ticarət dövriyyəsi 91% artıb.
Nematullo Xikmatullozoda yeni əlaqələrin qurulması baxımından işgüzar görüşlərin əhəmiyyətini qeyd edib və Azərbaycan sahibkarlarını Tacikistanda həyata keçirilən layihələrdə iştiraka, Tacikistan iş adamları ilə fəal əməkdaşlığa dəvət edib.
Azərbaycana səfər çərçivəsində Tacikistan nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə də tanış olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır