Azərbaycan nümayəndə heyəti Ukraynada səfərdədir. İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinə rəsmilərlə yanaşı, 40-a yaxın iş adamı daxildir.
Səfərin ilk günü – martın 13-də İqtisadiyyat naziri Şahin Mustafayev Ukraynanın Baş naziri Vladimir Qroysman ilə görüşüb. Görüşdə nazir Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin tarixi dostluq və qarşılıqlı əməkdaşlığa əsaslandığını, əlaqələrin inkişafında Azərbaycan və Ukrayna dövlət başçılarının siyasi iradəsinin önəmini, qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. Azərbaycan və Ukrayna BMT, ATƏT, Avropa Şurası kimi beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edir.
Nazir Şahin Mustafayev qeyd edib ki, ölkələrimiz arasında imzalanmış strateji əməkdaşlıq haqqında bəyannamə bütün sahələrdə, eləcə də iqtisadi sahədə əlaqələrin inkişafına geniş imkanlar açır. Hazırda Azərbaycan və Ukrayna sənaye, kənd təsərrüfatı, ticarət, investisiya, tranzit sahələrində əməkdaşlıq edir. Bununla belə, ölkələrimiz ticarət, maşınqayırma, kimya, metallurgiya, kənd təsərrüfatı məhsullarının emalı və qida sənayesi, əczaçılıq, tikinti materiallarının istehsalı sahələrində əlaqələri genişləndirə, Ukrayna iş adamları Azərbaycanda yaradılan sənaye parkları və aqroparklarla əməkdaşlıq edə bilər. Görüşdə həmçinin, Azərbaycanın böyük tranzit potensialı qeyd edilərək, bu sahədə əlaqələrin genişləndirilməsi imkanları diqqətə çatdırılıb. Şahin Mustafayev bildirib ki, ölkəmiz Ukraynada Azərbaycan Ticarət Evinin yaradılmasında maraqlıdır və səfər çərçivəsində Ukraynanın aidiyyəti qurumları ilə bu sahədə də danışıqlar aparılacaq.
Həmin gün Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin dəstəyi, AZPROMO-nun və Ukraynanın Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Ukrayna-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə Azərbaycan tərəfi sənaye, kənd təsərrüfatı, maliyyə, tikinti, turizm və s. sahələrdə fəaliyyət göstərən 40-a yaxın iş adamı ilə təmsil olunub.
Biznes forumda çıxış edən Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev ölkələrimiz arasında müvafiq müqavilə-hüquqi baza yaradıldığını, indiyədək 130-a yaxın sənəd imzalandığını, 2008-ci ildə imzalanmış Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin iki ölkə arasında əməkdaşlığın genişlənməsində xüsusi önəm kəsb etdiyini vurğulayıb. Qeyd edilib ki, hazırda Azərbaycanda Ukrayna kapitallı 116 şirkət fəaliyyət göstərir. Ötən 2016-cı ildə ölkələrimiz arasında ticarət dövriyyəsi artıb.
AZPROMO və Ukraynanın Ticarət və Sənaye Palatası tərəfindən Azərbaycanın investisiya mühiti və ölkəmizdə işgüzar imkanlara, Ukraynanın iş adamları arasında əməkdaşlıq perspektivlərinə dair təqdimatlar keçirilib.
Sonra AZPROMO və Ukraynanın Ticarət və Sənaye Palatası, həmçinin Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Ukraynanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb, iş adamları arasında ikitərəfli görüşlər keçirilib.