Mayın 15-də Pekin şəhərində Azərbaycan və Çin arasında “Texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrində Anlaşma Memorandumu” imzalanıb.
Görüşdə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının Çinə ixracı və bu istiqamətdə keyfiyyət infrastrukturu sahələrinin qarşılıqlı tanınmasına nail olmaqla bağlı razılıq əldə olunub. Belə ki, qarşılıqlı anlaşmaya əsasən Çin tərəfi Azərbaycanda istehsal olunan məhsullara verilmiş sertifikatları tanıyacaq, akkreditasiya olunmuş sertifikatlaşdırma orqanları ilə əməkdaşlığı gücləndirəcək. Bundan başqa Çin akkreditasiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlara üzv olmaqla bağlı Azərbaycana öz dəstəyini göstərəcək.
Qeyd edək ki, sənəd iki ölkə arasında ticarətdə texniki maneələri aradan qaldırmaq və iqtisadi əlaqələri gücləndirmək, həmçinin Azərbaycanın qeyri-neft ixrac potensialının gücləndirilməsi məqsədi daşıyır.