İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinə və əməkdaşlıq perspektivlərinə, eləcə də qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirələr aparılıb.
Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət əlaqələrinin genişləndiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, təkcə 2017-ci ildə Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 17%, ixrac 13% artıb. Azərbaycan və Gürcüstanın beynəlxalq əhəmiyyətli enerji və tranzit layihələrinin iştirakçısı olduğunu qeyd edən nazir Şahin Mustafayev ötən ilin oktyabrında istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun layihənin iştirakçısı olduğu ölkələrin iqtisadiyyatı, eləcə də regionun tranzit və logistika imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Bildirilib ki, bu yaxınlarda Pekində Azərbaycanın təşkilatçılığı, Türkiyə, Gürcüstan və Qazaxıstanın iştirakı ilə “Bir kəmər və bir yol” təşəbbüsünün reallaşmasında “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin rolu”na həsr olunmuş Beynəlxalq Konfrans keçirilib, Çin tərəfi Trans-Xəzər dəhlizinə və Bakı-Tbilisi-Qars dəmir yoluna böyük maraq göstərdiyini və əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.