Azərbaycan və İran arasında biznes forum keçirilib

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində dekabrın 27-də Bakı Biznes Mərkəzində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 11-ci iclası və Azərbaycan-İran biznes forumu keçirilib.
Bildirilib ki, ötən 3 ildə Azərbaycan və İran prezidentləri 7 dəfə görüşüb, Azərbaycan və İran nümayəndə heyətlərinin 100-ə yaxın qarşılıqlı səfəri həyata keçirilib, 40-a yaxın sənəd imzalanıb, Dövlət Komissiyasının 3 iclası təşkil olunub.

Bildirilib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin I mərhələsi yekunlaşır. Artıq nəqliyyat dəhlizinin önəmli həlqələrinən olan Astara çayı üzərində dəmir yolu körpüsü və Astara stansiyasından (Azərbaycan) İran sərhəddinədək olan 8,3 km-lik dəmir yolu xətti hazırdır. İran tərəfi öz ərazisində işləri qısa müddətdə yekunlaşdıracaq. Bu il 330 kV Muğan (İmişli-Parsabad) elektrik xətti istismara verilib, elektrik satışı üzrə Çərçivə Sazişi imzalanıb.

Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 400-dən çox İran investisiyalı şirkət fəaliyyət göstərir və onlar tərəfindən Azərbaycan iqtisadiyyatına 2,5 mlrd. ABŞ dollarından artıq investisiya yatırılıb. İran Azərbaycanın ticarət tərəfdaşlarındandır və 2016-cı ilin yanvar-noyabr aylarında ölkələrimz arasında ticarət dövriyyəsi 60%-ə yaxın artıb. Şahin Mustafayev diqqətə çatdırıb ki, təkcə 2016-cı ildə iş adamlarının iştirakı ilə 12 biznes forum, işgüzar görüş və sərgilər keçirilib. Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd dəmir yolu əlaqələrin daha da genişləndirilməsinə imkan verəcək. Bu yolla il ərzində 12 min sərnişin daşınacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır