Azərbaycan və Surinam maliyyə nazirləri arasında görüş keçirilib

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və Bakıda səfərdə olan Surinam Respublikasının Maliyyə naziri Jilmor Hoefdrad arasında görüş keçirilib.
Surinam Respublikasının maliyyə-iqtisadi vəziyyəti barədə məlumat verən J.Hoefdrad dünya əmtəə bazarlarında qiymətlərin enməsi nəticəsində ölkəsinin üzləşdiyi çətinliklərdən bəhs etmiş, bir sıra sahələrdə Azərbaycanın təcrübəsinin onlar üçün maraqlı olduğunu qeyd edib.
Samir Şərifov qlobal böhranın, əmtəə məhsullarının, xüsusiylə neftin qiymətinin kəskin aşağı düşməsinin Azərbaycan iqtisadiyyatında yaratdığı mənfi fəsadlara rəğmən prezident İlham Əliyevin rəhbərliyi altında makroiqtisadi sabitliyin bərqərar olunması, bank sektorunda həyata keçirilən sağlamlaşdırma və köklü restrukturizasiya tədbirləri, büdcə yığcamlaşdırılması və maliyyə intizamının daha da gücləndirilməsi, investisiya və işgüzar mühitin yaxşılaşdırılması və asanlaşdırılması, eləcə də digər istiqamətlərdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Ölkə prezidentinin müəyyən etdiyi strateji xəttə uyğun olaraq iqtisadiyyatın postneft dövrünə hazır olmasının vacibliyini nəzərə alaraq, ölkə iqtisadiyyatının sürətlə şaxələndirilməsi və inklüziv iqtisadi artımın təmin edilməsinin hazırda qarşıda duran əsas çağırış olduğunu vurğulayıb.
Qeyd edək ki, görüş zamanı beynəlxalq maliyyə təşkilatlarında birgə fəaliyyət və əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır