İqtisadiyyat naziri Şahin Mustafayev Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori ilə görüşüb.
Nazir Şahin Mustafayev Azərbaycana səfir təyin olunması münasibəti ilə diplomatı təbrik edib və fəaliyyətində uğurlar arzulayıb.Azərbaycan və Yaponiya arasında 13-ü iqtisadi sahədə olmaqla 19 sənəd imzalanıb. Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9 iclası keçirilib. Hazırda müzakirə mərhələsində olan investisiyaların təşviqinə dair Sazişin imzalanması ölkələrimiz arasında, xüsusilə iş adamları arasında əlaqələrin genişlənməsində əhəmiyyətli olacaq. Azərbaycanda 25 yapon şirkəti fəaliyyət göstərir.
Qeyd edək ki, görüşdə qeyri-neft sektorunda əməkdaşlığa, Yaponiya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərən sənaye parklarına investisiya qoyuluşuna, Azərbaycan məhsullarının Yaponiyaya ixracına, bu ölkəyə ixrac missiyasının təşkilinə, iş adamları arasında görüşlərin keçirilməsinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.