“Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC səmərəsiz xərclərə yol verib

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 01 yanvar 2015-ci il tarixdən 01 yanvar 2017-ci il tarixədək olan dövrdə dövlət büdcəsindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” Açıq Səhmdar Cəmiyyətinə (Cəmiyyət) ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq edib.

Cəmiyyətin tabeliyində olan 15 idarədən 9-u yaşıllaşdırma idarələri, 6-sı isə digər yönümlü idarələrdir.

Torpağın əkinə hazırlanması və qulluq işlərinin bir sıra hallarda tələb olunan səviyyədə aparılmaması səbəbindən 2015-ci ilin nəticələrinə görə Cəmiyyətin 1 yaşıllaşdırma idarəsi üzrə bitiş faizi mövcud normadan 3.2% az olub.

Cəmiyyətin tabeliyində yaşıllaşdırma idarələri tərəfindən salınmış yaşıllıq ərazilərində suvarma və damcılı suvarma sistemlərinin quraşdırılması, təmir-bərpası, yenidənqurulması və onların istismarını həyata keçirən ixtisaslaşmış funksional idarəsi mövcud olduğu halda Cəmiyyətin idarə aparatı tərəfindən alınmış bəzi suvarma boru və aksesuarlarının 2015-2016-cı illərdə funksional fəaliyyətinə aid olmayan digər idarələrə verilməsi hallarına rast gəlinib.

Qeyd edək ki, Audit, cəmiyyətin idarə aparatında və seçmə qaydada tabeli idarələrində həyata keçirilib və ümumilikdə 18631.2 min manat məbləğində vəsaiti əhatə edib. Hesabat haqqında ətraflı məlumat keçiddə yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır