İyunun 12-də Azərbaycan Respublikası Turizm Şurasının dördüncü iclası keçirilib. İclasda bildirilib ki, bu ilin 5 ayı ərzində ölkəyə 956 min turist gəlib. Bu da ötən ilə nisbətən 188 min və ya 24.5 % artım deməkdir. Belə ki, bu ilin ilk üç ayında xarici turistlər Azərbaycanda 40 milyon 629 min manat bank vasitəsi ilə ödəmələr edib. Ötən ilin müvafiq dövründə isə bu məbləğ 40 milyon 629 min manat təşkil edib.
İclasda Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev həmçinin qeyd edib ki, bir neçə gün öncə Bakı şəhərində fəaliyyət göstərən gəlmə turizm sahəsində ixtisaslaşmış yerli və xarici tur operator və turizm şirkətləri ilə Milli Turizm Təbliğat Bürosunun görüşü baş tutub. Görüşdə gəlmə turizmi sahəsində ixtisaslaşmış yerli tur operatorlar və turizm şirkətləri ilə birgə ölkə turizm ilə bağlı müzakirələr aparılıb, yeni turist marşrutlarının formalaşdırılması, ölkənin təbliğatı və turist məmnunluğunun artırılması ilə bağlı əməkdaşlıq imkanlarını nəzərdən keçirilib.
Qeyd edək ki, tədbirdə Şura üzvləri tərəfindən turizmin inkişaf etdirilməsi istiqamətində qarşıda duran vəzifələr, gələcək fəaliyyətin təşkili, nəzərdə tutulmuş layihələr barədə də müzakirələr aparılıb.