İyunun 6-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. Komitə sədri Ziyad Səmədzadə iclası açaraq gündəlik barədə məlumat verib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinqi Xidmətinin direktoru Anar Salmanov “Valyuta tənzimi haqqında” qanuna dəyişiklik barədə açıqlama verib. O qeyd edib ki, 14-1-ci maddə yeni redaksiyada təklif olunur. Düzəlişə əsasən, “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından çıxarılması zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin izlərini aşkar etdikdə, cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməli, əldə olunmuş sənədləri aidiyyəti üzrə cinayət təqibini həyata keçirən orqana göndərməli, habelə bu barədə məlumatı maliyyə monitorinqi orqanına təqdim etməlidir.”