2018-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycana dünyanın 139 ölkəsindən 352,5 min və ya ötən illin müvafiq dövrü ilə müqayisədə 12,1% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
BBN.az Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 29,3%-i Rusiya Federasiyası, 24,9%-i Gürcüstan, 13,8%-i Türkiyə, 8,0%-i İran, 3,7%-i Birləşmiş Ərəb Əmirlikləri, 2,1%-i Ukrayna, 2,0%-i İraq, 16,1%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 71,0%-ini kişilər, 29,0%-ini isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 52,8%-i yanvar, 47,2%-i fevral ayında ölkəyə gəlib.
İran istisna olunmaqla, Körfəz ölkələrindən gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 6,0 dəfə, Qətər vətəndaşlarının sayı 2,6 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,5 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,5 dəfə, Oman vətəndaşlarının sayı 1,8 dəfə, İraq vətəndaşlarının sayı 1,7 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 1,3 dəfə artıb. İrandan gələnlərin sayında 26,7% azalma müşahidə edilib.
2018-ci ilin yanvar-fevral aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı ötən ilin yanvar-fevral aylarında gələnlərin sayına bərabər olmaqla 11,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,6% artaraq 123,0 min nəfər olub.
Bu dövrdə ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 62,8%-i dəmir yolu və avtomobil, 36,3%-i hava, 0,9%-i isə su nəqliyyatından istifadə edib.