Azərbaycanda “Doing Business” üzrə Tədbirlər Planı təsdiqlənib

“Doing Business” hesabatı üzrə Azərbaycan Respublikasının mövqeyinin yaxşılaşdırılması ilə bağlı 2017-2018-ci illər üzrə Tədbirlər Planı təsdiq edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) eksperti Dr. Vüsal Musayev bildirir ki, hazırlanmış Tədbirlər Planını Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə yaradılan “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı” Komissiyanın 1 illik fəaliyyətinin məntiqi nəticəsi kimi qiymətləndirmək mümkündür.

Ekspertin qənaətincə, Tədbirlər Planının tərkib hissəsi olaraq “Doing Business” indeksinin 9 alt indikatoru üzrə islahat tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur ki, bunlar qanunvericilik indikatorları, praktiki – administrativ tətbiq indikatorları və makro-iqtisadi indikatorları əhatə edir.

Tədbirlər Planı çərçivəsində atılacaq addımlar sırasında əsasən tikintiyə icazələrin verilməsi, elektrik təchizatı şəbəkələrinə qoşulma, əmlakın qeydiyyatı, kreditlərin alınması, kiçik investorların maraqlarının qorunması, vergilərin ödənişi, sərhəddə ticarət, müqavilələrin icrasının təmin edilməsi, müəssisələrin bağlanması istiqamətində islahat tədbirlərinə xüsusi yer verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır