Martın 27-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional ofisində Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün “Azərbaycanda gömrük laboratoriyalarının potensialının artırılması” mövzusunda seminar başlayıb.
Tədbirdə əsas məqsəd Yaponiya və Azərbaycan gömrük laboratoriyaları arasında nəzəri biliklər və təcrübə mübadiləsi platformasının yaradılması, xüsusi analizlərin keçirilməsində müasir biliklərə yiyələnməkdir.
Seminarın açılışında çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov bildirib ki, Azərbaycanla Yaponiya arasında bütün sahələrdə səmərəli və işqüzar əlaqələr mövcuddur, xüsusilə də gömrük işinin təşkili istiqamətində əməkdaşlıq günü-gündən genişlənir. Komitə sədrinin müavini Azərbaycan gömrük orqanları tərəfindən son illər ərzində gömrük-sərhəd prosedurlarının sadələşdirilməsi istiqamətində görülən işlər, gömrük laboratoriyalarında müasir texnologiya və qabaqcıl təcrübələrin tətbiqi barədə də məlumat verib.
Bildirilib ki, dünyanın aparıcı şirkətlərinin istehsalı olan avadanlıqlarla təchiz edilən Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsi öz işini müasir standartlara uyğun şəkildə qurub.