Azərbaycanda ilk dəfə Sərbəst Satış Sertifikatının verilməsinə başlanılıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Azexport portalı vasitəsi ilə Sərbəst Satış Sertifikatı təqdim olunub. Azexport portalının rəhbəri Zaur Qardaşov bildirib ki, Sərbəst Satış Sertifikatı beynəlxalq ticarətdə nisbətən yeni tətbiq olunan nəzarət tənzimləmə mexanizmidir. “Sertifikat bir çox ölkələrdə icbari xarakter daşıyır və insan orqanizmi ilə təmasda olan qida, kosmetika, tekstil, tibbi cihazlar, gigiyenik vasitələr və s. məhsulların dövriyyəsində təhlükəsizliyin təmin edilməsi üçün tətbiq edilir.”

BBN.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki,  Azexport portalının fəaliyyəti çərçivəsində müəyyən olunub ki, Azərbaycan məhsullarının bir çox ölkələrə ixracı üçün Sərbəst Satış Sertifikatının (“Free sales certificate”) olması zəruridir. Portal bu istiqamətdə bir sıra araşdırmalar aparıb və təkliflər verib.

Sertifikatın verilməsi üçün aşağıdakı sənədlər tələb edilir:

  • Şirkətin qeydiyyat şəhadətnaməsi;
  • Sərbəst satış sertifikatı tələb olunan malların siyahısı;
  • Keyfiyyət sertifikatı;
  • Malların uyğunluq sertifikatı;
  • (Qanunla nəzərdə tutulduğu halda) malların istehsalı üçün lisenziya;
  • Beynəlxalq eyniləşdirmə nömrəsi – barkod (əgər varsa);
  • Ölkə ərazisində malların satışının təsdiqi (2-3 müştəriyə, faktura, çek və ya vergi hesab-faktura).

Sertifikatı verən orqan bu və ya digər məhsulun ölkə daxilində sərbəst dövriyyədə (satışda) olduğunu həmin sertifikatla təsdiqləyir. Təsdiqləmə üçün məhsula ölkə daxilində müxtəlif qurumlar tərəfindən verilmiş sertifikatların (keyfiyyət, gigiyenik, uyğunluq və s.) və məhsulun hazırda bir neçə ticarət şəbəkəsində satışda olmasını təsdiq edən sənədlərin olması kifayət edir. Sertifikatın verilməsi üçün əlavə heç bir laboratoriya testləri tələb olunmur.

Zaur Qardaşovun sözlərinə görə, Sertifikatın mahiyyəti həm də ondan ibarətdir ki, hökumət tərəfindən ölkədə sertifikatı verən rəsmi orqan müəyyən edilir. Azərbaycanda bu rəsmi orqan Prezident sərəncamına uyğun olaraq, İqtisadi  İslahatların Təhlili və Kommunikasiya Mərkəzi təyin edilib.

Qeyd edək ki, Azərbaycan, MDB məkanında bu tip sertifikatı təqdim edən 3-cü ölkədir. Sərbəst Satış Sertifikatının verilməsi Azərbaycan şirkətlərinə əvvəllər ixracı mümkün olmayan 100-dən çox ölkənin bazarlarını açıq edir. Bu gün sertifikatın təqdim edildiyi dörd şirkət – “Gazelli Group”, “Apiaz MMC”(“Ballı” brendi ), “Aznar QSC”, “Brightman MMC” (“Zıra” brendi) -bu sertifikat sayəsində öz məhsullarının Ərəb ölkələri və ABŞ bazarına ixracını reallaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır