Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi regionlarda “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirələrin keçirilməsinə start verib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Ağdam rayonu ilə start götürən regional ictimai müzakirənin keçirilməsinin əsas məqsədi barədə danışıb. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionlarda sosial-iqtisadi sahədə aparılan işləri xüsusi diqqətdə saxlayır. Strateji Yol Xəritəsinin icrası ilə bağlı açıqlanan yarımillik monitorinqə qiymətləndirmə il bağlı hesabat da onu göstərir ki, regionların inkişafı istiqamətində qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirilib. Bura ölkədə iqtisadi sabitliyin davamlılığının təmin edilməsi, sənaye zonalarının yaradılması, rayonlara cəlb edilən özəl sərmayələrin artırılmasını aid etmək olar.
Ölkədə aparılan islahat prosesinin daha geniş ictimaiyyətə çatdırılması, birbaşa dialoqların təşkil olunması, məlumatlılığın və maariflənmənin təmin edilməsi, dövlət-özəl dialoqun güclənməsinə töhfə vermək, bir sözlə cəmiyyətə düzgün mesajın çatdırılması məqsədi ilə təşkil olunan müzakirələrin ilki Ağdamda təşkil olunub. Görüşdə Ağdam, Füzuli, Tərtərdən olan sahibkarlar, bələdiyyə və ictimaiyyət nümayəndələri iştirak ediblər.