Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birlikdə “Azərbaycanda iqtisadi islahatlar: vətəndaş cəmiyyətinin rolu” mövzusunda Dəyirmi Masa keçirib. “Azərbaycanda iqtisadi islahatlar: vətəndaş cəmiyyətinin rolu” mövzusunda vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib.
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Azərbaycan Respublikasında yeni iqtisadi model quruculuğu” mövzusunda giriş nitqi ilə çıxış edib. O deyib ki, Azərbaycanda islahatların ən böyük uğuru onun dönməz xarakter almasındadır. Çünki təkcə dövlət qurumları deyil, cəmiyyətin bütün təbəqələri islahat prosesinin bütün həlqələrinə – hazırlanma, icra, monitorinq və kommunikasiyaya yaxından cəlb olunublar. Hazırda neftin qiyməti hətta büdcə proqnozunda nəzərdə tutulduğundan 50 faizdən də çox baha olmasına baxmayaraq, iqtisadi islahatlar kursu dönməz, davamlı və sistemli xarakter daşıyır. Aşağı neft qiymətlərinə immunitet qazanmış milli iqtisadiyyat islahatların hesabına qeyri-neft sektoru üzrə ixrac həcmini 1/4-ə qədər artırıb, qlobal rəqabətlilik və “Doing business” reytinqlərində çətin rəqiblər geridə buraxılır. Vüsal Qasımlı əlavə edib ki, islahatlar nöqtəvi olmaqla əsas çağırışları hədəf alır. “İslahatlar iqtisadiyyatın drayverinə çevrilib. 2018-ci ildə iqtisadi artımın bərpası yeni iqtisadi tsiklin başlanğıcı deməkdir. İndi əsas məsələ iqtisadi artım tempinin yüksək həddinə nail olmaq və davamlılığı təmin etməkdən ibarətdir. Bunun üçün rəqabət mühitinin daha da yaxşılaşdırılması, institutsional və struktur islahatlarının davam etdirilməsi, təşviq mexanizminin gücləndirilməsi və maliyyə-bank sektorunda böhrandan çıxmaq üçün əldə olunmuş ilkin nəticələri möhkəmləndirmək lazımdır. İqtisadi islahatların ölkədə reallaşdırılan infrastruktur layihələri ilə sinerji təşkil etməsi dayanıqlı inkişaf üçün şərtdir.”
Görüş çərçivəsində İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin prezidenti Sabit Bağırov “İqtisadi islahatlarda vətəndaş cəmiyyətinin rolu”, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev “İqtisadi islahatlar: makroiqtisadi sabitlik və dayanıqlı inkişaf”, İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Vüqar Bayramov “İqtisadi islahatlar: fiskal dayanıqlıq”, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehdiyev “İqtisadi islahatlar: biznes mühitinin təkmilləşdirilməsi” mövzularında məruzə ilə çıxışlar ediblər.
Müzakirələrdə vurğulanıb ki, vətəndaş cəmiyyəti institutlarının islahat prosesində yaxından iştirak etməsi üçün imkanlar yaradılıb. Strateji yol xəritələrinin monitorinq və qiymətləndirmə nəticələrinin açıq ictimai müzakirələrinin təşkil olunması islahat prosesində vətəndaş iştirakçılığının təmin edilməsi və açıq hökümət prinsiplərinə uyğundur. Vətəndaş cəmiyyəti institutlarının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə birlikdə islahatlar barədə maarifləndirmənin artırılması istiqamətində fəaliyyət göstərməsi üçün geniş imkanlar var.
Sonda qeyd olunub ki, “Azərbaycanda iqtisadi islahatlar: vətəndaş cəmiyyətinin rolu” mövzusunda aparılan müzakirə islahat prosesinə öz töhfəsini verəcək.