Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artıb

2017-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,4 faiz üstələyərək 4,9 milyard manata bərabər olub. Ticarət dövriyyəsinin 2,5 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılan məhsulların dəyəri 2016-cı ilin yanvar-fevral aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 0,5 faiz və 2,3 faiz üstələyib.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,7 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 18,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,4 faizi elektrik malları və mebelin, 4,9 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
2017-ci ilin yanvar-fevral aylarında istehlak məhsullarının 11,7 faizi hüquqi şəxs statuslu müəssisələr, 54,2 faizi fərdi sahibkarlar tərəfindən, 34,1 faizi isə bazar və yarmarkalarda satılıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır