1 iyul 2017-ci il tarixindən etibarən Azərbaycanda Ümumi Hesabatlılı Standartının (CRS) tətbiqinə başlanılır. Bunu Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin baş direktoru Zaur Fətizadə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bununla bağlı imzalanmış bəyanatda Azərbaycanda CRS-ın tətbiqinə 1 iyul 2017-ci il tarixindən etibarən başlanılacağı qeyd olunub. 1 iyula qədər maliyyə institutlarında mövcud olan hesablar «əvvəlcədən mövcud olan hesablar» sayılır. Standartın tətbiqinə başlanılan tarixdən «əvvəlcədən mövcud olan hesablar»ın hesabat verilməli hesab olub-olmadığını maliyyə institutları sərəncamlarında olan və mənbəyi bəlli olan mövcud məlumatlar əsasında müəyyən edəcəklər. 1 iyul 2017-ci il tarixdə və ondan sonra maliyyə institutlarında açılmış hesablar isə «yeni hesab» sayılır. Bu tarixdən sonra maliyyə institutlarına hesab açmaq üçün müraciət etmiş hər bir şəxs özünüqiymətləndirmə anketi dolduracaq.
Sözügedən anket maliyyə institutları tərəfindən hesabın hesabat verilməli hesab olduğunu müəyyən etmək üçün aparılacaq araşdırmalarda istifadə olunacaq.
Qeyd edək ki, CRS-ə uyğun olaraq, Azərbaycanın digər tərəfdaş yurisdiksiyalarla məlumat mübadiləsi 2018-ci ilin sentyabr ayında başlanılması nəzərdə tutulub.