Azərbaycanda yeni Tvinninq layihəsinin təqdimatı olub

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqının (Aİ) Avropa Qonşuluq Siyasəti çərçivəsində “Azərbaycan Respublikasında pensiya təminatı sistemində islahatın həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsinin təqdimatı olub.

Tədbirdə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxsləri, Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri və ölkəmizdəki səfiri Malena Mard,  Fransanın Azərbaycandakı səfiri Aurelia Buşez, Fransa Milli Pensiya Fondunun şöbə müdiri Eliz Debiz, Litvanın ölkəmizdəki səfirliyinin nümayəndəsi, yerli və avropalı ekspertlər iştirak edib.

Qeyd edək ki, bu layihə Fransadakı tərəfdaşlarla birgə icra olunan artıq üçüncü layihədir. Layihə çərçivəsində görüləcək işlər Fransanın müvafiq qurumları  ilə əməkdaşlıq şəraitində aparılacaq. Burada nəzərdə tutulan istiqamətlərin hər biri üzrə işlər Aİ-nin üzv dövlətlərinin müvafiq sistemlərinin öyrənilməsi və təhlili əsasında yerinə yetiriləcək. Həmçinin Tvinninq layihəsi pensiya təminatı sistemində islahatların həyata keçirilməsində Aİ ölkələrində mövcud olan müxtəlif yanaşmaları, iş mexanizmlərini nəzərdən keçirməyə də imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır