Azərbaycandakı Amerika Ticarət Palatası işgüzar nahar təşkil edib

Dekabrın 19-da Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham Azərbaycan) “Hewlett Packard Enterprise” (HPE) şirkətinin dəstəyi ilə öz üzvləri üçün Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin iştirakı və nitqi ilə müşayiət olunan aylıq işgüzar nahar təşkil edib.

Tədbirdə diplomatik korpusun nümayəndələri də daxil olmaqla təqribən 150 qonaq iştirak edib.

Tədbirdə Ramin Quluzadə bildirib ki, Strateji Yol Xəritəsi ilə müəyyən edilmiş hədəflərə çatmaq üçün Bakıda və regionlarda genişzolaqlı şəbəkə qurulur, yeni texnologiyalar – o cümlədən, LTE texnologiyası tətbiq olunur. Azərbaycanın, regionun ən təhlükəsiz Data Mərkəzinə malik olduğunu xatırladan nazir Yevlax şəhərində Ehtiyat Data Mərkəzinin qurulduğunu bildirib. Mərkəzin fəaliyyətinin genişləndirilməsi  üçün bu yaxınlarda “Microsoft” şirkəti ilə memorandum imzalandığı diqqətə çatdırılıb.

Ramin Quluzadə müasir iqtisadi münasibətlər və inkişaf üçün İKT-nin tətbiqinin qaçılmaz olduğunu vurğulayıb. O, bunun üçün elektron mühitin genişləndirilməsinin vacibliyini qeyd edib.

Qeyd edək ki, Palatanın təşəbbüsü olan və “Amcham Azərbaycan” tərəfindən hər ay təşkil olunan işgüzar naharda yüksəkvəzifəli hökumət rəsmiləri, Azərbaycan Parlamentinin üzvləri və diplomatik korpusun nümayəndələri iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır