“Azərbaycanın Avropa Akkreditasiya Təşkilatına tamhüquqlü üzvlüyü gözlənilir”

Sentyabrın 7-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Azərbaycanda milli akkreditasiya sisteminin gücləndirilməsiadlı Avropa İttifaqının Tvinninq layihəsinin açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət   Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov layihənin məqsədinin Azərbaycanda keyfiyyət infrastrukturu sahələrindən biri olan akkreditasiyanın inkişafına nail olmaqla ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payının yüksəldilməsi və məhsulların ixrac qabiliyyətinin genişləndirilməsi olduğunu bildirib.

Layihənin icrasının nəticəsində Azərbaycanın Avropa Akkreditasiya Təşkilatına tamhüquqlü üzvlüyü gözlənilir. Bu, yerli sahibkarların xarici bazara çıxışının sürətləndirilməsi üçün vacib əhəmiyyət daşıyan uyğunluğun qiymətləndirilməsi prosesinin nəticələrinin (uyğunluq sertifikatları, sınaq protokolları və kalibrləmə şəhadətnamələrinin) Avropada tanınmasını təmin edəcək.

Qeyd edək ki, 2 il müddətinə icra olunacaq layihənin əsas məqsədi akkreditasiya sahəsində standartlara, normalara və proseslərə dair Aİ və beynəlxalq təcrübəyə uyğun olaraq, akkreditasiya sisteminin inkişafı vasitəsi ilə Azərbaycanın dünya bazarına çıxışını dəstəkləməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır