Dekabrın 5-də Bakı Biznes Mərkəzində Azərbaycan və Pakistan biznes dairələrinin iştirakı ilə işgüzar görüş keçirilib.
Görüşdə qedy edilib ki, Azərbaycan Pakistanla iqtisadi əlaqələrin inkişafında və bu əlaqələrin siyasi sahədəki yüksək əməkdaşlıq səviyyəsinə çatdırılmasında maraqlıdır. İndiyədək ölkələrimiz arasında 36 sənəd imzalanıb ki, bunun 12-si iqtisadi sahədədir. 2016-cı ilin yanvar-oktyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 3,6 dəfə artıb. Azərbaycanda 127 Pakistan sərmayəli şirkət fəaliyyət göstərir. Ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşən Şahin Mustafayev ticarət, kənd təsərrüfatı avadanlıqlarının istehsalı, əczaçılıq, turizm, tranzit sahələrində əməkdaşlıq, eləcə də birgə müəssisələrin yaradılması imkanlarını qeyd edib.
2017-ci ilin əvvəlində Azərbaycanın ixrac missiyasının Pakistana səfəri təşkil olunacaq və Azərbaycan məhsulları bu ölkədə təşviq olunacaq. Görüşdə həmçinin, ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün Birgə İşçi Qrupun yaradılması barədə razılığa gəlinib.
Pakistan İslam Respublikasının ticarət naziri Xurram Dastgir Xan Azərbycana ilk səfəri olduğunu və Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə Azərbaycanın dayanıqlı inkişafının Pakistanda maraqla izlənildiyini vurğulayıb. Bildirilib ki, Pakistan ölkələrimiz arasındakı nümunəvi siyasi dostluq əlaqələrinin güclü iqtisadi tərəfdaşlığa çevrilməsində maraqlıdır.
Sonra sənaye, kimya, tekstil, tikinti, mədən sənayesi, polad istehsalı, logistika, tibb, əczaçılıq, quşçuluq və s. sahələrdə fəaliyyət göstərən Azərbaycan və Pakistan şirkətləri fəaliyyətləri və əməkdaşlıq imkanları barədə məlumat veriblər.
İşgüzar görüş iş adamları arasında müzakirələrlə davam etdirilib.