Çinin Azərbaycandakı səfiri İqtisadiyyat Nazirliyində olub.
İqtisadiyyat naziri Şahin Mustafayevlə keçirilən görüşdə Azərbaycanın Çin ilə əməkdaşlığa xüsusi önəm verdiyi, əlaqələrin inkişaf etdiyi vurğulanıb.
Azərbaycan-Çin iqtisadi əlaqələrinə və əməkdaşlıq perspektivlərinə dair geniş fikir mübadiləsinin aparıldığı görüşdə nazir Şahin Mustafayev Çinlə tranzit daşımaları, ticarət, investisiya və turizm sahələrində əlaqələrin inkişaf etdiyini qeyd edib. Bildirilib ki, 2017-ci ildə Azərbaycanın Çinlə ticarət dövriyyəsi 43% artaraq 1,2 mlrd. ABŞ dolları təşkil edib. Nazir Şahin Mustafayev 5-7 fevral tarixlərində Azərbaycan nümayəndə heyətinin Çinə səfərinin məhsuldar keçdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, səfər çərçivəsində Pekində “Kəmər və Yol” təşəbbüsünün reallaşmasında “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin rolu”na həsr olunmuş Beynəlxalq Konfrans, işgüzar dairələrin iştirakı ilə Azərbaycan-Çin biznes forumu, Sianda Azərbaycanın investisiya mühitinə və tranzit potensialına dair təqdimat keçirilib, Çin rəsmiləri ilə görüşlər təşkil olunub, Pekində Azərbaycanın Ticarət Nümayəndəliyi açılıb.
Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua Azərbaycan və Çin arasında tarixi əlaqələrin mövcudluğunu qeyd edib, qədim İpək Yolunu xüsusilə vurğulayıb. Səfir Vey Cinhua Azərbaycanın inkişafından, ölkələrimiz arasında əlaqələrin genişlənmsindən məmnunluğunu bildirib, Çin-Azərbaycan əməkdaşlığının daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb, iqtisadi əlaqələrin inkişaf perspektivlərinə dair fikirlərini bölüşüb.