İsveçrənin Cenevrə şəhərində BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) tərəfindən “Elektron ticarət və rəqəmli iqtisadiyyat” üzrə hökumətlərarası ekspert qrupunun ilk iclası keçirilib. İclasda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi iştirak edib.
Müxtəlif beynəlxalq təşkilatların rəsmiləri ilə yanaşı, 70-dən artıq ölkənin nümayəndəsinin iştirak etdiyi hökumətlərarası ekspert qrupunun iclasında BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) tərəfindən hazırlanan “İnformasiya İqtisadiyyatı 2017” hesabatı təqdim olunub.
İclasda inkişaf etməkdə olan ölkələrdə rəqabətə davamlı elektron ticarət və rəqəmli iqtisadiyyatın qurulması ilə bağlı ehtiyacların müəyyənləşdirilməsi, inkişaf etməkdə olan ölkələrin texnoloji infrastrukturunun yaxşılaşdırılması üçün görüləcək işlər, elektron ticarətin imkanlarından maksimum yararlanmaq və mövcud çətinliklərin aradan qaldırılması üçün inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrlə tərəfdaşlıq formalarının müəyyənləşdirilməsi kimi məsələlər müzakirə olunub.
Tədbirdə çıxış edən Nazirliyin nümayəndəsi Azər Bayramov elektron ticarət və rəqəmli iqtisadiyyatın inkişafı üzrə Azərbaycan təcrübəsindən, elektron hökumətin, elektron xidmətlərin və Açıq Hökumət Məlumatlarının elektron ticarətin inkişafında mühüm rolundan danışıb.
Çıxışda ölkələrarası elektron ticarətin inkişafı üçün elektron imzaların qarşılıqlı tanınmasının əhəmiyyəti və bu istiqamətdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən görülən işlər barədə məlumat verilib. Elektron imzanın tətbiqi ilə bağlı Azərbaycan təcrübəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb və uğurlu təcrübə kimi qeyd olunub.