Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Rəqabət Məcəlləsi” layihəsinin müzakirəsinə başlanılıb.
Layihə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi təkliflərin verilməsi məqsədilə Avropa İttifaqı TAIEX proqramı çərçivəsində texniki dəstək alıb və xarici ekspertlərin iştirakı ilə işçi qrupunun üzvləri ilə Rəqabət Məcəlləsi layihəsi ətrafında geniş müzakirələr aparılır.
Komissiyanın işçi qrupunun müzakirələrində iştirak edən İİTKM-nin makroiqtisadçısı Faiq Qasımlı qeyd edib ki, yeni layihədə azad iqtisadi rəqabət əsasında sahibkarlıq fəaliyyətinin hayata keçirilməsi, ədalətli qiymətqoyma və geniş əmtəə və xidmət seçimi, qiymətlərin bazarda tələb və təklifin sərbəst qarşılıqlı əlaqəsi vasitəsilə formalaşması, dövlətin rəqabətli bazarlara məhdud müdaxiləsi, ictimai maraq kimi iqtisadi rəqabətin inkişafı və qorunması kimi əsas prinsiplər öz əksini tapıb. Bununla yanaşı, layihədə rəqabətin məhdudlaşdırılması, təmərküzləşmə, öhdəlik, sanksiyalar və s. məsələlərə geniş yer verilib.
Qeyd edək ki, Rəqabət Məcəlləsi layihəsi ətrafında müzakirələrdə iştirak edən ekspertlər Aİ TAIEX proqramının “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) rəqabət sahəsində qanunvericilik, institusional və iqtisadi islahatlara dəstək” layihəsi çərçivəsində cəlb ediliblər. Hazırda İİTKM-də fəaliyyət göstərən xarici ekspertlər qrupuna Filip Brusik rəhbərlik edir, digər ekspertlər Valentin Derevyankin və Markus Handelindir.