Noyabrın 30-da Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Regional Tədris Mərkəzində “Ümumi tranzit proseduru və yeni kompüterləşdirilmiş tranzit sistemi” mövzusunda seminar işə başlayıb.
Seminar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün nəzərdə tutulub.
Təlimin açılış mərasimində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasımov Avropa İttifaqında tətbiq edilən Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi (NCTS) barədə məlumat verərək bildirib ki, bu sistem kağız üzərində hər hansı sənəd tərtib etmədən tranzit prosedurunun həyata keçirilməsinə imkan yaradır.
Avropa Birliyi ərazisində tətbiq edilən NCTS-ə Türkiyənin qoşulduğunu diqqətə çatdıran Cavad Qasımov Azərbaycanın da 2020-ci ilədək bu sistemə qoşulacağını, bununla da Asiyadan Avropaya və əks istiqamətdə daşınan yüklərin qısa vaxt ərzində təyinat nöqtəsinə çatmasına şərait yaranacağını vurğulayıb.
İdarə rəisi onu da bildirib ki, yeni sistemin tətbiqi nəticəsində Azərbaycanın tranzit imkanları daha da artacaq, Azərbaycanda istehsal edilən malların asan şəkildə Avropaya ixracına münbit şərait yaranacaq.
İki gün davam edəcək təlim zamanı Avropa İttifaqının ekspertləri – Slovakiya Respublikası Maliyyə Direktorluğunun gömrük bölməsinin direktor müavini Marian Çodak və Slovakiya Respublikası Maliyyə Direktorluğunun gömrük bölməsinin NCTS üzrə mütəxəssisi Miroslav Bujna ümumi tranzit proseduru, NCTS-də elektron prosedurlar, NTCS-də elektron TIR prosedurları və digər mövzularda məlumat verəcəklər.