Fevralın 28-də Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində Azərbaycan Respublikası Yükdaşımalar üzrə Koordinasiya Şurasının təşəbbüsü və təşkilatçılığı ilə “Transxəzər – Şərq-Qərb ticarət və tranzit dəhlizi” forumu keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyinin, Çinin Kommersiya və Nəqliyyat nazirliklərinin, Dəmir Yolu Administrasiyasının və digər aidiyyəti dövlət qurumlarının, beynəlxalq yükdaşımaları ilə məşğul olan şirkətlərin 100-ə yaxın nümayəndəsi iştirak edib.
Çinin Kommersiya Nazirliyinin Departament direktoru Luo Veydun ölkəsinin İpək yolu üzərində yerləşən dövlətlər, o cümlədən Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini, bu çərçivədə nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Azərbaycanın Çindəki müvəqqəti işlər vəkili Mətin Mirzə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə dövlət səfərindən sonra Azərbaycan ilə Çin arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu, səfər zamanı “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumunun imzalandığını xatırladıb.
Tədbirdə Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan beynəlxalq və regional enerji və nəqliyyat layihələrinin əhəmiyyətindən danışılıb, Transxəzər beynəlxalq nəqliyyat marşrutu, onun əlverişli imkanları barədə məlumat verilib.
Forumda həmçinin, Gürcüstan və Qazaxıstan respublikalarının Çindəki səfirliklərinin nümayəndələrinin nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair məruzələri dinlənilib.
Tədbirdə Azərbaycan Respublikası Yükdaşımalar üzrə Koordinasiya Şurasının katibi Elçin Əhmədov ölkəmizin nəqliyyat-tranzit potensialı, logistika imkanları, yükdaşımalar sahəsində yaradılan əlverişli imkanlar barədə məlumat verib. Bildirilib ki, ölkəmizin tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilir və bu sahəyə irihəcmli investisiyalar yönəldilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Bakı Gəmiqayırma Zavodunun fəaliyyətə başlaması, Bakı–Böyük Kəsik dəmir yolunun yenidən qurulması və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası layihələri, eləcə də beynəlxalq hava limanlarının tikintisi Azərbaycanın nəqliyyat infrastrukturunun güclənməsində əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını da genişləndirir. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi böyük siyasi və iqtisadi əhəmiyyətə malik olmaqla, yük və sərnişin daşımalarının həcminin dəfələrlə artmasına imkan yaradacaq.
“Azərbaycan Dəmir Yolları” QSC-nin, Dövlət Gömrük Komitəsinin, SOCAR-ın, “Sumqayıt Kimya Sənaye Parkı” MMC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin nümayəndələri Azərbaycanın tranzit, nəqliyyat-logistika imkanlarına dair müxtəlif mövzularda təqdimatlarla çıxış ediblər.
Forumda Transxəzər beynəlxalq nəqliyyat marşrutuna dair film nümayiş olunub.