Azərbaycanın və Rusiyanın iqtisadiyyat nazirləri görüşüblər

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Stavropolda keçirilən VIII regionlararası iqtisadi forum çərçivəsində rusiyalı həmkarı Maksim Oreşkinlə görüşüb. Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlər müzakirə edilib.

Maksim Oreşkin qeyd edib ki, Rusiyanın iqtisadiyyatı bərpa olunur. Daxili tələbatın düzgün dinamikası Azərbaycanla ikitərəfli münasibətlərə müsbət təsir göstərir. O deyib: “Sizinlə bizim vəzifəmiz ikitərəfli münasibətləri daha da inkişaf etdirməkdir”.

Nazir Şahin Mustafayev Maksim Oreşkini Rusiyanın iqtisadi inkişaf naziri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib. İqtisadiyyat sahəsində ikitərəfli münasibətlərin vəziyyətindən məmnun qaldığını bildirən nazir deyib: “Azərbaycan və Rusiya iqtisadiyyatları enerji daşıyıcılarının qiymətlərinin asılılığından tədricən azad olur. Azərbaycan qeyri-neft sektorunun inkişafı, onun şaxələndirilməsi istiqamətini götürüb. Ölkədə tədiyyə tarazlığı sabitləşib. Sevindirici haldır ki, Azərbaycanın qeyri-neft sektoru məhsullarının ixracı 30 faiz artıb”. Nazirin sözlərinə görə, Azərbaycanda qeyri-neft sektoru məhsullarının ixracının xeyli hissəsini kənd təsərrüfatı məhsulları təşkil edir ki, bunun da çox hissəsi Rusiyaya göndərilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır