Tərtər rayonunun dörd kəndinə təbii qaz verilib

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Respublikanın yaşayış məntəqələrinə təbii qazın bərpası, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, bölgələrin qazlaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidənqurulması istiqamətində geniş miqyaslı işlər görülür, 2018-ci ildə də qaz təsərrüfatı infrastrukturunun genişləndirilməsi işləri uğurla davam etdirilir.

BBN.az xəbər verir ki, tərtib edilmiş tədbirlər proqramına uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyi tərəfindən nəzərdə tutulmuş işlərin icrası ilə əlaqədar ilk növbədə kənd və qəsəbələrin daşıyıcı qaz kəmərlərinin yenidənqurulması, kəmərlər üzərində quraşdırılmış istismar müddəti bitmiş avadanlıqların yeniləri ilə əvəz edilməsi, sonrakı mərhələdə isə mövcud qaz paylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenidənqurulması, eləcə də hər bir istehlakçının mənzilinə qaz sayğaclarının quraşdırılması işləri davam etdirilir. Bu məqsədlə 2018-ci il oktyabrın 16-da Tərtər rayonunun Hacallı, Soyulan, Alışarlı və Aşağı Qapanlı kəndlərinə təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olub.

Keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, 296 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 17 984 metr müxtəlif diametrli  metal borularla daşıyıcı eləcə də paylayıcı qaz xətləri çəkilmiş, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Hazırda Tərtər rayonunun Rəcəbli, Kövdadıq, Bildirçinli və Umudlu kəndlərində  tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır