Azərbaycanda 2 milyard ton neft hasil edilməsi münasibəti ilə bağlı “Azəriqaz” İB-də tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan İB-nin Baş direktorunun ümumi məsələlər üzrə müavini Şəfiq Nemətov Birliyin Baş direktoru Əkbər Hacıyevin adından bütün kollektivi bu əlamətdar gün münasibətilə təbrik etmişdir. Bildirib ki,1949-cu ildə açıq dənizdə, Bakı şəhərindən 100 kilometr məsafədə o zaman üçün nadir yataq sayılan Neft daşlarında vuran fontan dənizdə neftçıxarmanın yeni mərhələsinin başlanğıcını qoyub və Azərbaycan dünyada ilk dəfə olaraq açıq dənizdə neft çıxarmağa başlayıb.
Tədbirdə Birliyin Texniki istismar şöbəsinin mühəndisi Qulam Camalov, Baş direktorun Əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov, Satış və istismar üzrə müavini Ruslan Əliyev, Əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyev və Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov çıxış edib.
Qeyd edək ki, sonda bu əlamətdar gün münasibəti ilə əmək fəaliyyətində fərqlənən 28 nəfər mühəndis və texniki əməkdaşlara fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilib.