“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təxirə salınmaz işlər həyata keçirilir.
Belə ki, əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış sayğaclar yenisi ilə əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir.
İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün Birlik tərəfindən cari ilin yanvar-avqust ayları ərzində 958.3 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 143.3 km qaz kəməri əsaslı təmir olunub.
Qeyd edək ki, aparılan tikinti-quraşdırma işləri nəticəsində Goranboy, Ağcabədi, Bərdə, Şəki, Ucar, Quba, Qusar, Oğuz, İmişli, Saatlı, Sabirabad, Lerik, Ağstafa, Xaçmaz və Masallı rayonları üzrə 40 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.