“Azəriqaz İB” tərəfindən daha bir rayona təbii qaz verilib

Martın 3-də SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Xaçmaz rayonunun Nabran,Şimal və Günəşli qəsəbələrinə təbii qaz verilib.

BBN.az xəbər verir ki, tədbirdə “Azəriqaz” İB-nin Baş direktoru Əkbər Hacıyev, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 593 abonenti olan qəsəbələrin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 57 min 275 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı həmçinin məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Xaçmaz rayonunun Meşəli, Sahillər, Turist, Dalğalı, Samurçay qəsəbələrində və Qaracik Zeyid, Aşağıoba, Xuray, Çaxçaxlı, Pərdiqıran, Seyidlikəndyeri, Aslanoba, Vələmir kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır