“Azərişıq” ASC tərəfindən sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtlərin verilməsinin bölgələrdəki bütün “ASAN” xidmət və “ASAN” kommunal mərkəzlərini əhatə etməsi, vahid pəncərə sistemi üzrə prosudurların 7-dən 3-ə salınması və şəbəkəyə qoşulma müddətinin 69 gündən 24 günə endirilməsi mart ayı ərzində müsbət mənada öz təsirini göstərib.
BBN.az xəbər verir ki, mart ayında bayram günlərinin sayının çoxluğuna, daha dəqiqi cəmi 19 gün iş günü olmasına baxmayaraq 318 sahibkar elektrik şəbəkəsinə qoşulmaq üçün “ASAN” xidmət və “ASAN” kommunal vasitəsi ilə “Azərişıq” ASC-yə müraciət edib.
Mart ayı ərzində sahibkarlarla yanaşı əhali abonentlər də asanlaşma prosesinin bütün bölgələrə əhatələnməsindən, o cümlədən prosedurların sadələşdirilməsindən faydalanıblar. Belə ki, mart ayının 19 iş günü ərzində 2972 vətəndaş evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün “ASAN” xidmət vasitəsi ilə “Azərişıq” ASC-yə müraciət edib.
Ümumilikdə isə mart ayı ərzində “Azərişıq” ASC-nin “ASAN” xidmət mərkəzləri vasitəsi ilə göstərdiyi 11 xidmət üzrə 13 minə yaxın müraciət olunub.