Dövlət bankı “Azər Türk Bank”ın 1 aprel 2018-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% artaraq 312,3 milyon manat səviyyəsində olub. Bankın kredit portfelinin həcmi 116,9 milyon manat təşkil edib.
Ümumi gəlirlər 15,5 milyon manat , xərclər 15,3 milyon manat olub. Birinci rübdə Bank 192 min manat həcmində xalis mənfəət əldə edib.
Məcmu kapitalın həcmi 53,7 milyon manat olub. Qeyd edək ki, məcmu kapitalın adekvatlıq əmsalı 28,5 % təşkil edir ki, bu da müəyyən edilmiş normadan üç dəfəyə yaxın çoxdur.
Hesabat dövrünün sonuna Bankın likvidlik əmsalı 106% səviyyəsində olub. Xatırladaq ki, bu göstərici üzrə norma 30% səviyyəsində müəyyən edilib.
Bank 161,8 milyon manat həcmində depozit cəlb edib ki, bunun da 77,2 milyon manatı əhalinin ilin əvvəlindən bəri həcmi 2,6% artmış əmanətləridir.
Hazırda dövriyyədə Banka məxsus 39 200-dən artıq aktiv plastik kart vardır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20% çoxdur.
Cari ilin ilk üç ayı ərzində Bankın müştərilərinin sayı 16% artaraq 28 594 nəfərə çatıb.
Qeyd edək ki, 1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 %-i Azərbaycan dövlətinə məxsusdur.