“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Çovdar filiz emalı sahəsində istehsal edilmiş 72 ədəd qızıl-gümüş tərkibli xəlitəni saflaşdırılması və satılması məqsədi ilə İsveçrənin dünyaca nüfuzlu “Argor-Heraeus” şirkətinə göndərib. Saflaşdırılan qızıl və gümüş beynəlxalq birjada satılaraq dövlət şirkətinə milyonlarla gəlir qazandırıb.
İxrac olunan xəlitələrin ümumi çəkisi 1283 kiloqramdır. Bunun 16.3 min unsiyasını qızıl, 22.2 min unsiyasını gümüş təşkil edir. Qeyd olunan miqdarda qiymətli metalın satışından 20 milyon 905 min dollar (35.6 milyon manat) gəlir götürülüb.
“AzerGold” QSC ilk qızıl və gümüş ixracını may ayında 66 ədəd xəlitə ilə həyata keçirib. Cəmiyyət birinci partiyada 16 min unsiya qızıl və 24 min unsiya gümüşü sataraq 20 milyon 118 min dollar (34 milyon 200 min manat) miqdarında vəsait əldə edib.
Qeyd edək ki, Daşkəsən rayonunun Çovdar filiz mədənində ixrac üçün hasil olunacaq qızıl və gümüş xəlitələrin miqdarının 2017-ci ilin sonunadək 160 min unsiyaya (70 min unsiya qızıl, 90 min unsiya gümüş) çatdırılması planlaşdırılır. Bu da qiymətli metalların cari qiymətlərini nəzərə alsaq 85 milyon dollar (təqribən 145 milyon manat) təşkil edir.