26 aprel tarixində “AzerGold” QSC Çovdar filiz emalı sahəsində Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan “Əməyin mühafizəsinin gələcəyi” mövzusunda maarifləndirici tədbir keçirib.
Tədbirdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov ölkəmizdə əməyin mühafizəsi istiqamətində mühüm işlərin görüldüyünü bildirərək, bütün digər istiqamətlərdə olduğu kimi əməyin təhlükəsizliyi və işçilərin sosial müdafiəsi sahəsində də hər il əhəmiyyətli müsbət dəyişikliklərin qeydə alındığını vurğulayıb. “AzerGold” QSC-də əməyin təhlükəsizliyinin prioritet istiqamət olduğunu qeyd edən Oqtay Məmmədov, Cəmiyyətdə bu istiqamətdə görülən işlər haqqında ətraflı söz açıb.
“AzerGold” QSC-nin rəhbərliyi və kollektivi ilə yanaşı, Daşkəsən Rayon İcra Hakimiyyəti nümayəndələrinin, Quşçu kəndinin İcra nümayəndəsi və Bələdiyyə sədrinin, Dövlət Sosial Müdafiə Fondunun Daşkəsən rayon şöbəsi rəhbərliyinin, həmçinin 20 saylı Gəncə Region üzrə Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Gəncə-Qazax Regional bölməsinin əməkdaşlarının iştirak etdiyi tədbirdə “AzerGold” QSC-də 2018-ci il üzrə görülmüş işlərin hesabatı təqdim olunub, Çovdar filiz emalı sahəsində əməyin təhlükəsizliyi istiqamətində görülən tədbirlərlə əyani tanışlıq həyata keçirilib.
Qeyd edək ki, əməyin təhlükəsizliyi tədbirləri çərçivəsində “AzerGold” QSC-nin bütün iş yerlərində qanunvericiliyin tələblərinə müvafiq təhlükəsiz əmək şəraitinin yaradılmasına, işçilərin müasir tələblərə cavab verən xüsusi geyim dəsti və fərdi mühafizə vasitələri ilə təmin edilməsinə, onların həyat və sağlamlığının qorunmasına, həmçinin sağlamlıq, təhlükəsizlik, yanğından mühafizə üzrə digər tələblərə ciddi əməl edilir. Bu məqsədlə Cəmiyyətin əməkdaşlarına yüksək ixtisaslı və peşəkar biliklərə malik olan yerli və xarici şirkətlərin nümayəndələri cəlb olunmaqla 2018-ci ildə 100-ə yaxın təlim keçirilib.