2017-ci ilin aprel-dekabr ayları ərzində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) həyata keçirdiyi ixrac əməliyyatları üzrə 60 552 unsiya qızıl və 86 806 unsiya gümüş ixrac edib.
Qiymətli metalların ixracı ölkə iqtisadiyyatına 121 milyon manatdan artıq gəlir gətirib. Qiymətli metalların dünya bazarında satışının təşkili üçün beynəlxalq affinaj şirkətlərinin tələb etdiyi KYC (Know Your Customer) və təhlil (“due diligence”) prosedurlarını uğurla keçərək “AzerGold” QSC cari ilin aprel ayında İsveçrənin məşhur “Argor-Heraeus” şirkəti ilə qiymətli metalların saflaşdırılmasına dair müqavilə imzalanıb.
“AzerGold” QSC-nin strateji hədəfi Azərbaycanda əlvan metal sənayesinin dayanıqlı və davamlı inkişafını təmin etməkdir. Bu məqsədlə, Balakən rayonu ərazisində yerləşən və mis, sink, gümüş, qızıl, qurğuşun ehtiyatlarının həcminə görə nəinki Azərbaycan, hətta Avropa üçün böyük strateji əhəmiyyətə malik Filizçay polimetal yatağı üzrə ilkin iqtisadi qiymətləndirmə sənədi nüfuzlu beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanmaqdadır. Növbəti illərdə metallurji, laborator, geotexniki, hidroloji və ekoloji tədqiqatların aparılması planlaşdırılır.
Bundan başqa, Balakən rayonu ərazisində yerləşən digər yataqda – Mazımçayda ehtiyatların hesablanması üçün buruq-qazma işləri həyata keçirilib.
Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Göydağ-Əlincə filiz qovşağının Ortakənd sahəsində kompleks geofiziki tədqiqatlar aparılmış və yaxın gələcəkdə buruq-qazma işlərinin icrası və ehtiyatların hesablanması nəzərdə tutulub.