“AzerGold” QSC və AMEA arasında görüş keçirilib

3 dekabr tarixində “AzerGold” QSC-nin inzibati binasında Cəmiyyət nümayəndələri, bir qrup geoloq, Azərbaycan Milli Elmlər Akademiyasının alimləri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin geoloqları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov ölkəmizin ümumi inkişafından geniş söhbət açaraq, yeni istehsalat sahələrinin yaradılması və dağ-mədən sənayesinin ümumi iqtisadi inkişafdakı əhəmiyyəti haqqında ətraflı məlumat verib. Z. İbrahimov dağ-mədən sahəsinin inkişafında elmin rolundan danışaraq, istehsalatda əldə edilən uğurlarda AMEA tərəfindən göstərilən dəstəyi də xüsusilə vurğulayıb.

Tədbir çərçivəsində geologiya və geofizika institutunun akademiki Arif İsmayıl-Zadə “Kiçik Qafqazın qızıl yataqlarının klassifikasiyası” mövzusunda təqdimatla çıxış edib, ölkənin  qızıl yataqları və perspektivləri ilə bağlı görüş iştirakçılarına ətraflı məlumatlar verib.  Görüş Cəmiyyət nümayəndələri və alimlər arasında müxtəlif əməkdaşlıq istiqamətləri, o cümlədən innovativ texnologiyalar və yeni yanaşmalar ətrafında geniş müzakirələrlə davam edib.

Qeyd edək ki, 2016-cı ilin noyabr ayında “AzerGold” QSC ilə AMEA arasında imzalanan əməkdaşlıq memorandumu Azərbaycan ərazisində mövcud filiz yataqlarının geoloji-geofiziki araşdırılması və digər geoloji məsələlərin tədqiqi, həmçinin bu sahələrdə innovativ layihə və inkişaf proqramlarının həyata keçirilməsi üzrə əməkdaşlığı əhatə edir.

Memorandum çərçivəsində cari il imzalanan müqavilə əsasında Geologiya və Geofizika İnstitutunun alim-mütəxəssisləri Cəmiyyət tərəfindən konsultant/ekspert statusunda işə cəlb olunub. Alimlər Daşkəsən rayonu ərazisində yerləşən Çovdar filiz emalı sahəsində sulfid filizlərinin kəşfiyyatı və texniki-iqtisadi əsaslandırma layihəsinin hazırlanması, Filizçay polimetal yatağı üzrə ilkin qiymətləndirmə sənədinin tərtib edilməsi, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Ortakənd sahəsində aparılan kəşfiyyat işlərinə öz töhfələrini veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır