Azexport.az-da yerli tütünə ixrac sifarişləri artıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin  operatoru olduğu Azexport.az internet portalı vasitəsi ilə xam tütün məhsulları üzrə daxil olan sorğularda xüsusi artım müşahidə olunur. Portalın meneceri Ayxan Qədəşov bildirir ki, 2019-cu ilin başlaması ilə əksər dünya ölkələrində xam tütün məhsullarının aksiz vergilərinə 20 – 45 %-lik artım tətbiq olunub. Bu da öz növbəsində istehsalçıları məhsulların maya dəyərinin qorunması məqsədi ilə xammal alışı üçün yeni bazarlar axtarışına vadar edib. Belə ki, portala cari ilin ilk aylarından, etibarən, əsasən Rusiya, Gürcüstan, Hindistan, İngiltərə, Almaniya, İspaniya, Amerika və Okeaniya ölkələrindən xam tütün məhsulu üzrə daxil olan sorğularda artım müşahidə olunur.

  Azexport.az internet portalı vasitəsi ilə istehsal olunan məhsulların xarici bazarlarda real alıcılara çatdırılması istiqamətində də işlər görülür. Belə ki, Dövlət Proqramının müvafiq bəndlərinə uyğun olaraq Yevlax, Şəki, Qax, Zaqatala, Balakən rayonlarında istehsal olunan xam tütün məhsulları barədə məlumatlar Azexport.az internet portalına və All.biz, Agroserver, Tradekey kimi 10-dan artıq beynəlxalq elektron ticarət platformalarına inteqrasiya olunub.        

Məlumatların beynəlxalq elektron ticarət platformalarına inteqrasiya olunmasından sonra xam tütün məhsulu üzrə dünyanın müxtəlif ölkələrindən ixrac sifarişləri daxil olub. Daxil olan sifarişlər emal olunaraq müvafiq qaydada sahibkarlara təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır