İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport portalı İtaliyanın Toskana və Lombardiya əyalətlərində ümumilikdə 200 mindən artıq iş adamlarını özündə birləşdirən 10-dan artıq təşkilat, birlik və assosiasiyalara təqdim edilib. Portalın rəhbəri Zaur Qardaşov İtaliyaya səfəri çərçivəsində Azexport.az portalının fəaliyyəti ilə bağlı bir neçə əməkdaşlıq razılaşması da əldə edib. Zaur Qardaşov Florensiya və Milan şəhərlərində İtaliya Sənaye Ticarət Palatasının regional nümayəndəliyi, İtaliya Fermerlər Assosiasiyasının regional nümayəndəliyi, Sertifikatlaşdırma şirkətlərinin nümayəndələrinə Azexportla bağlı geniş məlumatlar təqdim edib. Həmçinin Toskana və Lombardiya əyalətlərində kənd təsərrüfatı məhsullarının sertifikatlaşdırılması və müstəqil labaratoriyaya səfərlər keçirilib, qurumun işi ilə tanış olub. Laboratoriya ilə Azexport arasında gələcəkdə Azərbaycan məhsullarının keyfiyyətinin yoxlanılması və sertifikatlaşdırılması ilə bağlı razılıq əldə olunub.
Portal rəhbəri Zaur Qardaşov həmçinin, Milanda yerləşən və Avropanın ən böyük kənd təsərrüfatı məhsullarının topdan satışı bazarını ziyarət edib, bazarın iş prinsipi ilə tanış olub. Burada fəaliyyət göstərən iş adamlarına Azexport.az portalının təqdimatından sonra rəhbərlik Azərbaycan məhsullarının həmin bazar vasitəsilə Avropa bazarına satışının təşkilində maraqlı olduqlarını, xüsusilə mövsümi giləmeyvələr, heyva, nar, quru meyvələr, bal, orqanik toyuq əti və fındığın idxalında maraqlı olduqlarını bildiriblər. Əlavə ediblər ki, bu cür ixrac təşviq modeli onlar üçün yenidir. Italyan sahibkarların qənaətinə görə gələcəkdə belə təcrübənin İtaliya şırkətlərinə tətbiq edilməsi maraqlı olardı.