İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun ayı üçün sayı təqdim olunub. İcmalın bu sayında 2017-ci ilin may ayında qeyri-neft sektoru üzrə 445 şirkət tərəfindən 149 milyon ABŞ dolları həcmində ixrac əməliyyatları həyata keçirilib.
2017-ci ilin 5 ayı ərzində isə qeyri-neft sektoru üzrə ixrac 557 milyon ABŞ dolları olub. Bu ixrac əməliyyatlarında 1021 şirkət iştirak edib. 2017-ci ilin 5 ayı ərzində qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Türkmənistan var.
“Azexport.az” portalının qeyri-neft sektoru üzrə ixraca töhfə verməsinə gəlincə isə “İxrac İcmalı”nda qeyd edilir ki, 2017-ci ilin may ayında daxil olan sifarişlərin ümumi dəyəri isə 19 milyon ABŞ dolları olub. May ayında ilk dəfə portala Slovakiya, Tayvan və Surinam Respublikasından sifarişlər daxil olub.
Ümumilikdə isə Azexport.az portalına 2017-ci ilin yanvar ayında 48 milyon ABŞ dolları, fevral ayında 6.5 milyon ABŞ dolları, mart ayında 27 milyon ABŞ dolları, aprel ayında 29.9 milyon ABŞ dolları, may ayında 19 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. Ümumilikdə götürdükdə 2017-ci ilin 5 ayı ərzində Azexport.az portalına 45 ölkədən 130 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub.