Azexport Vaşinqtonda təqdim olunub

ABŞ-ın paytaxtı Vaşinqtonda, ABŞ-Azərbaycan əlaqələrinin 25 illiyinə həsr edilmiş tədbir çərçivəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı nüfuzlu «Dentons Washington» ofisində Azexport portalını təqdim edib. Təqdimat mərasimində ilk olaraq, ABŞ Kommersiya Departamentinin Qafqaz və Mərkəzi Asiya işləri ofisinin direktoru Danika Starks çıxış edib. O bildirib ki, ABŞ iki ölkə arasında əlaqələrin genişləndirilməsində maraqlıdır və bunun üçün hər cür dəstəyi göstərməyə hazırdır.

Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda aparılan iqtisadi islahatlar və onların uğurlu nəticələri barədə məlumat verib. Qeyd olunub ki, Dünya Bankı ilə Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanmış və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni əks etdirən “Doing Business” hesabatında Azərbaycan dünyada qabaqcıl yerdə qərarlaşıb. Bundan sonra da bu sahədə aparılan islahatlar daha da sürətləndiriləcəkdir. Vüsal Qasımlının Azexport portalı ilə bağlı hazırlanmış xüsusi təqdimatı qonaqların marağı ilə qaşılanıb.

Təqdimatda “Deliotte” şirkətinin idarəedici tərəfdaşı Nuran Kərimov, “Dentons” şirkətinin icraçı tərəfdaşı Ceyms Hoqan, “PwC Azərbaycan” şirkətinin idarəedici tərəfdaşı Mövlan Paşayev iştirak edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır